Nizami Kino Mərkəzi - BİZİM KİNO

BİZİM KİNO

                                                                                    “AZƏRBAYCANFİLM”: TARİXİN SƏHİFƏLƏRİ

                    

XIX əsrin sonunda Fransada yaranan dünya kinosu 1898-ci ildə Azərbaycana da gəlib çıxır. Bakılı fotoqraf A.M.Mişon şəhər mövzularında bir neçə kino süjetləri çəkib avqustun 2-də onları tamaşaçılra nümayiş etdirmişdir. Həmin gün milli kinonun doğum günü sayılır və ölkə başçısının sərəncamı ilə kino işçilərinin peşə bayramı - Azərbaycan kinosu günü kimi qeyd olunur.

Ötən əsrin əvvəlində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açıb burada film istehsalı ilə məşğul olurlar.  Onların arasında 1915-ci ildə çəkilmiş “Neft və milyonlar səltənətində” diqqəti cəlb edir, bu filmdə baş rollardan birində böyük Azərbaycan aktyoru Hüseyn Ərəblinski çəkilmişdir.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi təşkil olunmuş və həmin il aprelin 28-də I Dövlət Kinofabriki açılmışdır. Burada çəkilmiş ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olmuşdur.

1923-1926-cı illərdə kinostudiya I Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino” (1926-1930),”Azərkino”(1930-1931),  ”Azərfilm” (1932-1933), ”Azdövlətkinosənaye” (1934-1935),  ”Azərfilm” (1935-1938), ”Bakı kinostudiyası” (1939-1958), ”Azərbaycanfilm” (1959) adlandırılmışdır. 1960-cı ildən C.Cabbarlının adını daşıyır.

“Azərbaycanfilm”də indiyədək 2000-ə yaxın müxtəlif növ və janrda filmlər istehsal olunmuşdur. Bu kino əsərlərinin bir hissəsi, o cümlədən “Arşın mal alan”(1945), “Şərikli çörək” (1969), ”Ad günü” (1977), “Sevinc buxtası” (1977), “İstintaq” (1979), ”Yaramaz” (1988) və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana” (1958), “Uzaq sahillərdə” (1958), “Arşın mal alan“(1965), “Bizim Cəbiş müəllim”(1969), “Axırıncı aşırım” (1971), “Nəsimi” (1973), “Özgə vaxt“ (1996), ”Ailə” (1998), “Sarı gəlin” (1998), “Ovsunçu” (2002), “Buta”(2011) filmləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülmüşdür.

Vaxtı ilə “Azərbaycanfilm”də sənədli və animasiya filmləri, “Mozalan” satirik kinojurnalı çəkilmişdir. Hazırda “Azanfilm”, ”Salnamə”, “Yaddaş” və “Mozalan” studiyaları  müstəqil fəaliyyət göstərir.

Bu gün “Azərbaycanfilm” ildə 7-8 bədii film çəkmək və  əlavə xidmətlər göstərmək üçün istehsalt imkanlarına malikdir. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” ilə kinostudiyanın istehsalat bazasını köklü şəkildə modernləşdirərək genişləndirilməsi nəzərdə tutulmuşdur. Dövlət Proqramında nəzərdə tutulmuş bir sıra vacib tədbirlər artıq həyata keçməkdədir.

 


 

                                                                                          AZƏRBAYCAN KİNO İNCİLƏRİ

 

           “ Sevil “ (1929)

           Filmdə Azərbaycan qadınının obrazı ilk dəfə olaraq öz bədii təcəssümünü tapmışdır. Burada məhdud dünyagörüşlü meşşanların, nadanların qadın  azadlığı yolunda əngəl olmaları, eyni zamanda dədə-baba qaydalarına xor baxan балашларifşa edilmişdir.

           Ssenari müəllifi C. Cabbarlı, rejissor A. Beknazarov, operator İ.Frolov, rəssam A.Qonçarski.

           Rollarda: İ.Orucova, A. Gəraybəyli, M. Mərdanov, B. Beletskaya, Cənnət, A.Bəzirganov,  Ə. Məmmədova .

 

                                                                                         

 


 

   “ Mavi dənizin sahilində “ (1935)

          İlk səsli Azərbaycan filmi.

          Kinokomediya iki dost- Yusif və Alyoşanın Maşa adlı qızla bağlı başlarına gələn əhvalatlardan söhbət açır. Hadisələr Azərbaycanın  cənubunda, Sarı adasında balıqçılıq sovxozunda cərəyan edir.

           Rejissor B.Barnet, II rejissor S.Mərdanov, ssenari müəllifi K.Mints, baş operator    M.Kirillov, rəssam V.Aden, bəstəkar S.Pototski.

           Rollarda: N.Kryuçkov, L.Sverdlin, Y.Kuzmina, S.Svaşenko, V.Sateyeva, A.Jukov,   S.Komarov və b.

             “Azərfilm” – “Межрабпомфилм”

 

                                                                              

 


 

“Kəndlilər” (1939)

         Tarixi - inqilabi film Azərbaycanda gedən inqilabi hərəkatdan, XI qırmızı ordu hissələrinin fəal iştiraki ilə bolşeviklərin hakimiyyəti öz əllərinə keçirmələrindən danışır.

        Rejissor S. Mərdanov, ssenari müəllifi G. Mdivani, baş operator D.Feldman, rəssamlar: V.Aden , G.Əliyev, bəstəkar Niyazi.

         Rollarda: Ə.Ələkbərov, M.Mərdanov, T.İsgəndərova,  R.Darablı, X.Əmirzadə, S.Ruhulla, M.Mikayılov, M.Sənani. 

 

                                                                                

 


 

  “Arşın mal alan “(1945)

           Muşqili kinokomediya dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin eyni adlı operettası əsasında ekranlaşdırılmışdır. Filmin yaradıcıları 1946-cı ildə SSRİ Dövlət Mükafatına layiq görülmüşlər.

         Rejissorlar: R. Təhmasib, N. Leşşenko, ssenari müəllifi S.Rəhman, operatorlar:  Ə.Atakişiyev, M.Dadaşov, baş rəssam Y.Şvets.

          Rollarda: R.Behbudov, L.Bədirbəyli, Ə.Hüseynzadə, M.Kələntərli, İ.Əfəndiyev,            R. Mustafayeva, L.Abdullayev, F.Mehrəliyeva.

 

                                                       


 

“O olmasın, bu olsun” (1956)

         Kinokomediya dahi Azərbaycan bəstəkarı Ü. Hacıbəylinin eyni adlı operettası əsasında ekranlaşdırılmışdır.

         Filmdə iki sevən gəncin – Sərvər və Gülnazın böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur.                                        Rejissor H.Seyidzadə, ssenari müəllifi S.Rəhman, baş operator və geyim rəssamı Ə.Atakişiyev, rəssamlar: C.Əzimov, N.Zeynalov.

           Rollarda: Ə.Ağayev, Ə.Əhmədov, A.Mirzəquliyev, T.Gözəlova, A.Gəraybəyli, B.Şəkinskaya, M.Sənani, L.Abdullayev, İ.Əfəndiyev, M.Mərdanov, İ.Osmanlı, A.İsgəndərov, M.Kələntərli və b.

 

                                                                                

 


 

“ Bir məhəllədən iki nəfər” (1957)

Film şərq ölkələrindən birində sadə adamların sülh və istiqlaliyyət uğrunda apardıqları mübarizədən bəhs edir.

          Film qüvvə və həyatlarını bu mübarizəyə həsr edən adamların taleyi haqqındadır.

          Rejissorlar: Ə.İbrahimov, İ.Qurin, ssenari müəllifləri: N.Hikmət, A. Begiçeva, baş operator M.Pilixina, operator R.Ocaqov, rəssamlar: E.Rzaquliyev, K.Nəcəfzadə, M.Hüseynov, bəstəkar Q.Qarayev.

           Rollarda: V.Medvedev, S.Sokolovski, F.Fətullayev, İ.Osmanlı, T.Kokova, M.Davudova, Ə.Ağayev, M.Dadaşov, M.Sənani, A.İsgəndərov və b.

          Bakı kinostudiyası və Qorki ad. kinostudiya

 

                                                                                

 


 

“Ögey ana” (1958)

           Filmdə yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, ögey ananın doğmalığından, onu ana kimi qəbul etmək istəməyən balaca İsmayılın kövrək qəlbini məhəbbətlə, xeyirxahlıqla necə ələ ala bilməsindən söhbət açılır.

            Rejissor H.İsmayılov, ssenari müəllifləri: H.İsmayılov, A.Yan, operator X.Babayev, rəssamlar: E.Rzaquliyev, M.Hüseynov, bəstəkar T.Quliyev.

           Rollarda: C.Mirzəyev, N.Məlikova, F.Fətullayev, Ə.Ələkbərov, H.Rzayeva,      H.M. Yegizarov, S.Axundova, Ş.Qasımova, N.Zeynalova və b.

 

                                                                                

 


 

     “Uzaq sahillərdə” (1958)

         Qəhrəmanlıq – macəra filmi İ.Qasımov və H.Seyidbəylinin eyni adlı romanı əsasında ekranlaşdırılmışdır.

         Kinolent Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 1941 – 1945-ci illər müharibəsində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmişdir.

           Rejissor T.Tağızadə, ssenari müəllifləri: İ.Qasımov, H.Seyidbəyli, operator Ə.Atakişiyev, rəssamlar: C. Əzimov, K.Nəcəfzadə, bəstəkar Q.Qarayev.

           Rollarda: N. Şaşıqoğlu, Y.Boqolyubov, A.Yelikoyeva, Ə.Ələkbərov, L.Bordukov, A.Fayt, N.Boqolyubov, A.İsgəndərov, S.Dadaşov, Q. Şpigel və b

 

                                                                               

 


 

   “Bir qalanın sirri” (1959)

          Film – nağıl M.Təhmasibin “Çiçəkli dağ” pyesi əsasında ekranlaşdırılmışdır. Pyesin əsasını isə Azərbaycan xalq nağılları təşkil edir. Burada xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin qeyrətli insanların mübarizəsindən danışılır.

          Rejissor Ə.Atakişiyev, ssenari müəllifi M.Təhmasib, operatorlar: A.Nərimanbəyov, M.Mustafayev, rəssam N.Zeynalov, bəstəkar R.Hacıyev.

          Rollarda: G.Abbasov, T.Kokova, M.Şeyxzamanov, Ə.Qurbanov, A.Qurbanov, A.Fayt, Ə.Zeynalov, A.Cavadov, M.Dadaşov və b.

 

                                                                               

 


 

“Telefonçu qiz” (1962)

             Film H.Seyidbəylinin eyni adlı povesti əsasında ekranlaşdırılmışdır.

             Lirik kinopovestdə həyatda öz yerini tapan gənc qız Mehribanın taleyindən və onun ilk məhəbbətindən danışılır.

              Rejissor H.Seyidbəyli,ssenari müəllifləri: H.Seyidbəyli, İ.Annenski, baş operator Y.Fogelman, rəssam E.Rzaquliyev, bəstəkar T.Quliyev.

              Rollarda: R.Nedaşkovskaya, N.Şaşiqoğlu, Y. Brunovskaya, M.Seyidbəyli, G.Abbasov, K.Məmmədova, Ə.Əliyeva və b.

 

                                                                              

 


 

   “Yenilməz batalyon” (1965)

            Tarixi – inqilabi film yazıçı Q.Musayevin “Qalada üsyan” romanı əsasında ekranlaşdırılmışdır.

           Burada car hökuməti tərəfindən o vaxt ucqar hesab olunan Azərbaycanın kiçik şəhəri Zaqatalaya sürgün edilmiş “Potyomkin” zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsindən danışılır.

           Rejissor H.Seyidzadə, ssenari müəllifi Q.Musayev, operatorlar: X.Babayev, R.İsmayılov, rəssam N.Zeynalov, bəstəkar C.Cahangirov.

           Rollarda: T.Ağamirova, V.Yemelyanov, İ.Osmanlı, A.Yurçenko, M.Cənizadə, H.Sadıxov, O.Abbasova, M.Pudovkin, Y.Yulduz, C.Mirzəyev, Ş. Mahmudbəyov və b.

 

                                                                              

 


 

“Bir cənub şəhərində” (1969)

            Film yazıçı R.İbrahimbəyovun “9-cu Dağlıq küçəsi” povesti üzrə ekranlaşdırılmışdır.

            Kinolent çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyat tərzı və əməyi haqqındadır.

            Rejissor E.Quliyev, ssenari müəllifi R.İbrahimbəyov, operator R.Ocaqov, rəssam K.Nəcəfzadə, bəstəkar F.Qarayev.

            Rollarda: H.Məmmədov, E.Zeynalov, H.Murad, S.Hüseynov, S.Məcidova, M.Dadaşov, N.Adıgözəlova, A.Məmmədov, Y.Vəliyev, T.Rəhmanov və b.

 

                                                                              

 


 

    “Bizim Cəbiş müəllim” (1969)

           Filmdəki hadisələr 1941 – 1945-ci illər müharibəsi illərində Bakıda cərəyan edir.

           Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.

            Rejissor H.Seyidbəyli, ssenari müəllifi M.İbrahimbəyov, operator A.Nərimanbəyov,  rəssam M.Hüseynov,  bəstəkar E.Sabitoğlu.

            Rollarda: S.Ələsgərov, Ş Məmmədova, S.İbrahimova, Ə.Ağayev, N.Zeynalova, M. Maniyev,  A.Ağacanov,  F.Salayev,  Z.Seyidbəyli,  E.Zeynalov və b.

                                                                             

 


 

  “Dəli Kür” (1969)

         Film yazıçı İ.Şıxlının eyni adlı romanının motivləri əsasında lentə alınmışdır.

         Kino əsərində XX əsrin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarından, ilk mütərəqqi pedaqoqların fəaliyyətindən, qabaqcıl rus ziyalılarının Zaqafqaziya xalqlarına göstərdikləri köməkdən və insanlarda azadlıq şüurunun formalaşmasından söhbət gedir.

           Rejissor H.Seyidzadə, ssenari müəllifi İ.Şıxlı, operator İ.Boqdanov, rəssam N.Zeynalov, bəstəkar C.Cahangirov.

           Rollarda: Ə.Abbasov, E.Əliyev, L.Bədirbəyli, V.Kovalkov, M.Dadaşov, L.Eliava, Z.Sadıxova, F.Əliyev, C.Mirzəyev, R.Müslümova, M.Bürcəliyev, İ.Osmanlı, M.Cənizadə, Ə.Həsənov və b.

                                                                             

 


 

“Şərikli çörək” (1969)

             Filmdə II Dünya müharibəsinin son günlərində və müharibədən sonrakı ilk aylarda Bakıda uşaqların çətin, fərəhsiz həyatından danışılır.

            1970 – ci ildə filmin yaradıcılarından bir qrupu Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.

            Rejissor Ş.Mahmudbəyov, ssenari müəllifi A.Axundova, operator T.Axundov, rəssam F.Bağırov, bəstəkar V.Adıgözəlov.

           Rollarda: K.Rəcəbli, T.Namazova, F.Əliyev, X.Mamayev, C.Məmmədova, S.Mustafayeva, F.Salayev, A.Cavadov, S.Bəsirzadə, Ə.Yusifqızı, Y.Yulduz və b.

 

                                                               


 

“Sevil” (1970)

          Kinoopera dramaturq C.Cabbarlının eyni adlı pyesinin motivləri və bəstəkar F.Əmirovun eyni adlı operası əsasında ekranlaşdırılmışdır. “Sevil” Azərbaycan kino tarixində ilk film-operadır.

          Filmin mərkəzində cəhalətə qarşı üsyan edən, həyatda öz yerini axtarıb tapmağa çalışan Azərbaycan qadınının taleyi durur.

          Rejissor V.Qorikker, ssenari müəllifləri: V.Qorikker, A.Donatov, T.Əyyubov, baş operator R.İsmayılov, rəssam E.Rzaquliyev.

          Rollarda: V.Aslanova, H.Məmmədov, Z. İsmayılova, S.İbrahimova, A.Quliyev, R.Əfqanlı, L.Bədirbəyli, H.Turabov, H.Qurbanov, R.Əzimov və b.

 

                                                                             


 

 “Yeddi oğul istərəm” (1970)

          Tarixi – inqilabi film Azərbaycanın xalq şairi S.Vurğunun “Komsomol poeması” nın motivləri əsasında çəkilmişdir.

          Film inqilabın qələbəsinə ürəkdən inanan və qələbə naminə canlarından belə keçməyə hazır olan qəhrəman oğullar, 20 – ci illərin komsomolçuları haqqında romantik hekayətdir.

          Rejissor T.Tağızadə, ssenari müəllifi Y.Səmədoğlu, operator R.İsmayılov, rəssam N.Zeynalov, bəstəkar X.Mirzəzadə.

          Rollarda: H.Məmmədov, Ə.Həsənov, E.Məmmədov, Ə.Mahmudov, Ş.Ələkbərov, R.Əzimov, Ə.İbrahimov, H.Turabov, İ.Osmanlı, Z.İsmayılova, H.Xanızadə, E.Zeynalov.

 

                                                                             


 

“Axırıncı aşırım” (1971)      

             Film yazıçı F.Kərimzadənin “Qarlı aşırım” romanı əsasında ekranlaşdırılmışdır.

             Kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir.

            V Ümumittifaq kinofestivalda A.İsgəndərov və H.Məmmədov ən yaxşı kişi rollarına görə mükafat almışlar (1972, Tbilisi).

            Rejissor K.Rüstəmbəyov, ssenari müəllifi F.Kərimzadə, operator R.İsmayılov, rəssam N.Zeynalov, bəstəkar A. Məlikov.

           Rollarda: A.İsgəndərov, H. Məmmədov, H. Xanızadə, H. Turabov, M. Dadaşov,      Ş. Bədəlbəyli, Ş.Ələkbərov, Ə.Mahmudov, T.Rüstəmova, E.Qasımov və b.

 

                                                                             


 

“Gün keçdi” (1971)

            Film yazıçı Anarın “Gürcü familiyası” hekayəsi əsasında ekranlaşdırılmışdır. Bu iki aktyorla rejissor işidir.

           Burada bizim müasirlərimiz olan iki gəncin uğursuz məhəbbətindən danışılır. Sujet iki qəhrəmanın taleyi, iki xarakterin münasibətləri üzərində qurulmuşdur.

           Rejissor A.Babayev, ssenari müəllifi Anar, operator R.İsmayılov, rəssam E.Rzaquliyev, bəstəkar E.Sabitoğlu.

          Baş rollarda: L.Şıxlinskaya, H.Məmmədov.

 

                                                                             


 

“Oxuyur Müslüm Maqomayev” (1971)

          Musiqili televiziya filmi görkəmli Azərbaycan müğənnisi və bəstəkarı       M.Maqomayevin parlaq və çoxcəhətli yaradıcılığına ithaf olunmuşdur.

          Filmdə sənətkarın tərcümeyi-halının ayrı – ayrı səhifələri, onun mahnı, səhnə obrazı üzərində neçə işləməsi, musiqi və mahnı barədə fikirləri də öz əksini tapmışdır.

          Rejissor T.İsmayılov, ssenari müəllifi T.İsmayılov, İ.Boqdanov, operator İ.Boqdanov, rəssamlar: R.İsmayılov, N.Zeynalov, bəstəkar P.Bülbüloğlu.

                                                                             


 

“Nəsimi” (1973)

            Tarixi – bioqrafiq film Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur.

           VII Ümumittifaq kinofestifalında film mükafat, R.Balayev ən yaxşı kişi roluna görə II mükafat almışdır.

           Rejissor H.Seyidbəyli, ssenari müəllifi İ.Hüseynov, operator R.İsmayılov, rəssamlar:  M.Hüseynov, M.Ağabəyov, bəstəkar T.Quliyev.

         Rollarda: R.Balayev, İ.Osmanlı, X.Qasımova, T.Mirzəyev, S.Rzayev, M.Şeyxzamanov, Y.Vəliyev, Ə.Mahmudov və b.

 

                                                                             


 

          “Dədə Qorqud” (1975)

        Film dunya ədəbiyyatı xəzinəsinin nadir incilərindən sayılan, Azərbaycan xalqının keçmiçini vəsf edən “Kitabi Dədə Qorqud” dastanının  motivləri əsasında çəkilmişdir.

        Film – dastanda xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət və ənənələri barədə danışılır.

        Rejissor T.Tağızadə, ssenari müəllifi Anar, operator R.İsmayılov, rəssam N.Zeynalov, bəstəkar Emin Sabitoğlu.

         Rollarda: H.Məmmədov, H.Qadoyev, R.Balayev, G.Toxadze, H. Qurbanov, Ş.Məmmədova , L.Şıxlinskaya, İ.Quliyeva, E.Məmmədov, F.Yusifov, Ə.Haqverdiyev, D.Yusifova və b.

 

                                                                             


 

“Ad günü” (1977)

     Film yazıçı R.İbrahimbəyovun “Ad günü” və “Ezamiyyət” hekayələri üzrə ekranlaşdırılmışdır.

    Lirik – psixoloji film həqiqi dostluq haqqındadır. Burada əxlaqi – etik məsələlərə toxunulur, müasirlərimizin mənəvi aləminin zənginliyi tədqiq edilir.

    Film VIII Ümumittifaq telefilmlərin festivalında priz alıb (Bakı, 1979). 1980 – ci ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb.

    Rejissor R.Ocaqov, ssenari müəllifi R.İbrahimbəyov, operator Z.Məhərrəmov, rəssam K.Nəcəfzadə, bəstəkar E.Sabitoğlu.

    Rollarda: Ş.Məmmədova, H.İsmayılov, D.Uplisaşvili, Ş.Yusupova, F.Poladov, Y.Nuriyev, H.Sadıxov, A.Kərimov, R.Əzimov, S.Mustafayeva, G.Qurbanova, S.Rzayev, T.Qasımov, K.Məmmədov və b.

 

                                                                             


 

“Qaynana” (1978)

         Musiqili kinokomediya M.Şamxalovun eyni adlı pyesinin motivləri əsasında çəkilmişdir.

        Adi həyat hadisələrindən, insanların gündəlik qayğılarından, ailə-məişət problemlərindən bəhs edən bu kinokomediya dövrümüzə yad olan köhnə adət-ənənələrin zərərli tərəflərini açıb göstərir.

         XII Ümumittifaq kinofestifalında T.Quliyevə priz, N.Zeynalovaya diplom verilmişdir.

          Rejissor H.Seyidzadə, ssenari müəllifləri: Ə.İbrahimov, M.Maleyeva, operator F.Əsgərov, rəssam N.Zeynalov, bəstəkar  T.Quliyev.

         Rollarda: N.Zeynalova, İ.Quliyeva, İ.Əhmədov, T.Əhmərova, F.Poladov, S.İbrahimova, T.Rəhmanov.

 

                                                                             


 

“Babək” (1979)

           Tarixi dram Azərbaycan xalqının qəhrəman olğu, görkəmli sərkərdə və siyasi xadim, orta əsrlərdə Yaxın və Orta Şərqdə ən qüdrətli antifeodal hərəkatın başçısı Babəkə ithaf olunmuşdur.Təqribən 20 il ərzində o zamankı dünyanın ən qüdrətli nizami ordusuna qarşı azadlıq mübarizəsinə başçılıq edən Babəkin torpaqla, zəhmətkeş kütlənin taleyi ilə qırılmaz tellərlə bağlılığı filmdə öz əksini tapmışdır.

            Rejissor E. Quliyev, ssenari müəllifi Ə. Məmmədxanlı, operator R. İsmayılov, rəssam M. Ağabəyov, bəstəkar P. Bülbüloğlu.

            Rollarda: R. Balayev, H. Turabov, A. Pənahova, T. Yandiyeva, Ş. Ələkbərov, H. Azayev, Ə. Həsənov, H. Xanızadə, H. Murad, S. Rzayev, R. Məlikov, E. Rəsulov, Ə. Qədirov, G. Abbasov və b.                   

 

                                                                                       


 

         “İstintaq” (1979)

                Ölkədəki ictimai məsələləri cəsarətlə qaldıran detektiv – publisistik kinodram vətəndaşlıq borcu və şərəfi kimi ciddi sosial, mənəvi – etik problemlərə toxunmuşdur.

               XIII Ümumittifaq kinofestifalında filmə Baş mükafat (Düşənbə, 1980), yaradıcı qrupun üzvlərinə SSRİ Dövlət mükafatı verilmişdir.

            Rejissor R.Ocaqov, ssenari müəllifi R.İbrahimbəyov, operator R.Qəmbərov, rəssam F.Bağırov, bəstəkar E.Sabitoğlu.

            Rollarda: A.Kalyagin, H.Məmmədov, Ş.Məmmədova, R.Balayev, Y.Lebedev, T.Mirzəyev, H.Turabov və b.

 

                                                                             


 

         “Təkcə adanı özünlə apara bilməzsən” (1980)

           İnsan və təbiət, təbiətə məhəbbət, nadir heyvanların taleyi üçün narahatlıq. Təbii sərvətlərin, eyni zamanda ətraf mühitin qorunması – bütün bunlar bəşəriyyəti narahat edən vacib məsələlərdir.

          Televiziya filmində bu problemlərə toxunulmuşdur.

          XI Respublika kinofestifalında film diplom və priz almışdır (Kiyev, 1981),              IX Ümumittifaq televiziya filmləri festifalında filmə Baş mükafat (İrəvan, 1981) verilmişdir.

          Rejissor G.Əzimzadə, ssenari müəllifi N.İsmayılova, operator H.Mehdiyev, rəssam M.Ağabəyov, bəstəkar A.Əlizadə.

          Rollarda: A.Mir–Qasım, K.Boçorişvili, K.Xudaverdiyev, R.Məlikov, K.Abdullayev.

 

                                                                             


 

“Qorxma, mən səninləyəm” (1981)

           Televiziya fimində ideal qəhrəmandan, xeyirxah, cəsur, imkansızlara əl tutan, gücsüz adamların müdafiəsinə qalxan sirk artisti Rüstəmdən, onun sədaqətli dostlarından söhbət açılır.

          Bu filmin janrını dəqiq təyin etmək çətindir. Burada musiqi də, gözəl mahnılar da var, sərgüzəştlər, gözlənilməz, qeyri – adi hadisələr də var.

         Rejissor Y.Qusman, ssenari müəllifləri: Y.Dunski, V.Frid, operator V.Kərimov, rəssam N.Zeynalov, bəstəkar P.Bülbüloğlu.

         Rollarda: P.Bülbüloğlu, H.Ömərova, M.Qantəmirov, L.Durov, M.Babayev, N.Zeynalova, H.Turabov, A.Şarovski, C.Novruzov, S.Yurski, Ə.Mahmudov və b.                        

 

                                                                                                 


            “Üzeyir ömrü” (1981)       

            Televiziya filmi dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin uşaqlıq və gənclik illərini, onun musiqi aləmində ilk müvəffəqiyyətlər qazandığı, istedadlı yazıçı, jurnalist, ictimai xadim kimi fəaliyyətə başladığı dövrü əhatə edir.

          Filmdə bəstəkarın ayrı – ayrı əsərlərinin, o cümlədən “Leyli və Məcnun” və “Koroğlu” operalarının, “Arşın mal alan” operettasının səhnə taleyi də öz əksini tapmışdır.

          Rejissor və ssenari müəllifi Anar, operator Z.Məhərrəmov, rəssam R.İsmayılov.

Rollarda: H.Atakişiyev, Y.Əfəndiyev, T.Mirzəyev, H.Ömərova, Q.Rüstəmov, Y.Nuri, Ə.Zeynalov, N.Məlikova, M.Əlili, A.İsgəndərov, Ş.Ələkbərov, F.Şərifova və b.

 

                                                                             


 

Qara gölün cəngavərləri(1984)        

           Tarixi-inqilabi film yazıçı S.Vəliyevin “Şor cüllütü” povestinin motivləri əsasında çəkilmişdir.

           Macəra filminin qəhrəmanları hələ kiçik yaşlarından həyatın acısını dadan, çətinliklərlə üzləşən, ağır zəhmətə qatlaşmalı olan uşaqlardır. Onlar da böyüklərlə birlikdə istismarçılara qarşı mübarizədə iştirak edirlər.

            XVIII Ümumittifaq kinofestifalında filmə diplom və priz verilmişdir (Minsk, 1985).

           Rejissor Ə.Əbluc, ssenari müəllifləri: S.Vəliyev, E.Ağayev, Y.Çulyukin, operator K.Məmmədov, rəssam R.İsmayılov, bəstəkar M.Babayev.

           Rollarda: N.Abdullayev, K.Əhmədov, H.Qadoyev, H.Əbluc, H.Murad, K.Şahmərdanov, Z.Sadıxova, Ə.Səmədov, H.İsmayılov, R.Əliyev, R.Məlikov, S.Rzayev, O.İsgəndərov və b.

 

                                                                             


 

     “Sizi dünyalar qədər sevirdim” (1985)     

             Film Azərbaycan xalqının rəşadətli oğlu, igid sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general – mayoru Həzi Aslaovun həyat və döyüş bioqrafiyasının səhifələrini canlandırır.

           Hadisələr I Pribaltika cəbhəsində axırıncı döyüş zamanı həlak olmuş H.Aslanovun ömrünün son günlərində cərəyan edir.

           Rejissor R.İsmayılov, ssenari müəllifi R.Fətəliyev, operator V.Kərimov, rəssam N.Zeynalov, bəstəkar A.Əlizadə.

           Rollarda: R.Novruzov, G.İbrahimova, R.Xudiyev, Ş.Ələkbərov, B.Kakabadze, A.Denisov və b.           

 

                                                                             


 

“Göz qabağında şeytan” (1987) 

          Siyasi detektiv filmindəki hadisələr bizim günlərdə cərəyan edir. Burada Azərbaycan jurnalistlərinin cəmiyyətin inkişafına mane olan mənfi hallara qarşı, mənəvi təmizlik, paklıq, prinsipiallıq uğrunda mübarizələrindən danışılır.

         XXI Ümumittifaq kinofestifalında film I mükafata layiq görülmüşdür (Bakı, 1988).

         Rejissor O.Mir–Qasım, ssenari müəllifi A.Cəlilov, operatorlar: Ə.Ələkbərov,            N. Abbasov, rəssamlar: E.Rzaquliyev, R.Nəsirov, bəstəkar R.Babayev.

         Rollarda: F.Manafov, L.Xələfova, H.Məmmədov, R.Balayev, H.Xanızadə, Y.Nuri, H.İsmayılov, E.Rəsulov, N.Sadıqzadə,  R.Əzizbəyli, H.M.Yegizarov, T.Mirzəyev, Y.Qarayev və b.

 

                                                                            


 

    “Yaramaz” (1988)   

             Faciəli komediya janrında çəkilmiş filmdə yaxşı adamın pis adama necə çevrilməsindən danışılır. Dövrün bəlaları, çılpaqlığı ilə üzə çıxarılır, insan şəxiyyətinin deformasiyasının, mənəvi düşkünlüyünün səbəbləri tədqiq olunur.

           Filmə və baş rolun ifaçısına müxtəlif beynəlxalq kinofestivallarda mükafatlar təqdim olunmuşdur. 1991 – ci ildə yaradıcı qrupun bir neçə üzvü Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür.

          Rejissor V.Mustafayev, ssenari müəllifləri: R.Fətəliyev, V.Mustafayev, operator A.İlxovski, rəssamlar: R.Nəsirov, N.Hacıyev, bəstəkar E.Sabitoğlu.

         Rollarda: M.Kikaleyşvili, H.Turabov, Y.Nuri, R.Balayev, A.Kərimov, H.Xanızadə, N.Əhmədova, E.Zeynalov, M.Dadaşov, Z.Ağakişiyeva, Ə.Musayev, T.Rəhmanov və b.

 

                                                                            


 

“Əlaqə” (1989)

         Azərbaycan fantastik filmi yazıçı Anarın “Əlaqə” povesti əsasında ekranlaşdırılmışdır.

        “Yerdənkənar varlıqlarla səylə əlaqə axtarırlar, bəs bizim aramızda, Yer kürəsinin adamları arasında əlaqə varmı?..” Personajlardan birinin verdiyi bu sual filmin müəlliflərini düşündürür və onlar belə bir nəticəyə gəlirlər: indi biz bəşəri, millətlərarası əlaqələr barədə həmişəkindən daha çox düşünməliyik.

        Rejissor C.Zeynallı, ssenari müəllifi Anar, operator K.Məmmədov, rəssam K.Zeynallı, bəstəkar F.Əlizadə.

       Rollarda: İ.Həsənov, R.Əliyev, F.Məmmədov, A.Əliyeva, T.Babayeva, R.Axundova, N.Bədəlov.

 

                                                                            


 

       “Fəryad” (1993)

           “Ögey ana” filminin baş qəhrəmanı – balaca İsmayıl artıq böyümüş, ailə sahibi olmuşdur. Bu hərbi – vətənpərvərlik filmində İsmayıl Hüseynov batalyon komandiridir. O, torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür, amma düşmən qarşısında əyilmir...

            Film Qarabağ müharibəsinə həsr olunmuşdur. Burada təsvir olunan hadisələr real faktlara əsaslanır.

           Filmlə bağlı V.Mustafayev və C.Mirzəyev (ölümündən sonra) müxtəlif təşkilatların mükafatlarına layiq görülmüşlər.

          Rejissor C.Mirzəyev, ssenari müəllifi V.Mustafayev, operator K.Məmmədov, rəssam R.İsmayılov, bəstəkar C.Quliyev.

         Rollarda: C.Mirzəyev, M.Dadaşov, H.İsmayılov, Ş.Mahmudbəyov, N.Behbudova, E.Şabanova, R.Əliyev və b.   

 

                                                         


 

 “Özgə vaxt“ (1996)

         Həyatda çox vaxt insanın mənəvi dəyərləri, təbiətin qoyduğu və daimi olan əsaslarla ziddiyyət təşkil edir. Bu isə harmoniyanın pozulmasına gətirib çıxarır və faciə ilə nəticələnir. Psixoloji dram janrında çəkilmiş film bu barədədir.

         Rejissor və aktrisa müxtəlif kinofestivallarda mükafat və prizlərə layiq görülmüşlər.

        Rejissor: H. Mehdiyev, ssenari müəllifləri: R.Rövşən, H.Mehdiyev, operatorlar: A.Novruzov, N.Mehdiyev, rəssam M.Ağabəyov, bəstəkar A. Dadaşov.

         Rollarda: A. Mir-Qasım, Ə. Abbasov, H. Məmmədov, E. Rüstəmov, R. Əliyev, E. Şabanova, Z. Ağakişiyeva.

 

                                                                            


 

 “Ailə“ (1998)

          XX əsrin  80-ci  illərinin axırı sovet epoxasının sonunun başlanğıcı oldu. Ermənilər Dağlıq Qarabağa öz ərazi iddialarını irəli sürdülər. Kreml elitası bu məsələdə susmağı üstün tutdu.

          Sosial dram olan filmdəki hadisələr bu fonda cərəyan edir. Film socialist cəmiyyətinin “özəyi” kimi, bir Bakı ailəsinin dağılması tarixcəsinə həsr olunmuşdur.

         Film III Avrasiya teleforum müsabiqəsində diplom almışdır (Moskva, 2000).

         Rejissorlar: R. İbrahimbəyov, R. Həsənoğlu, ssenari müəllifi  R.İbrahimbəyov, operatorlar: V.Kərimov, F.Əsgərov, rəssam Ş. Nəcəfzadə, bəstəkar C. Əliyev.

        Rollarda: H.Turabov, S.Kərimi, R.Əliyev, S.Metkina, M.Zəki, F.Poladov,        C.Mehdiyev, A.Qəhrəmanov, M.Məhərrəmov, V.Əliyev və b.    

                                                                            


 

“Sarı gəlin” (1998)

        Tragikomediya Qarabağ müharibəsindən birgə qaçan azərbaycanlı ilə erməninin faciəli taleyindən danışır.

       “Sarı gəlin” rəmzi addır. Bizim xalq mahnımız ermənilər arasında da geniş yayılmışdır. Bu mahnı ilə müəlliflər demək istəmişlər ki, əsrlərlə qonşu olmuş iki millət daim düşmən qalaraq yaşaya bilməz. Çünki müharibə uzandıqca “Sarı gəlin”lər hələ çox göz yaşı tökəcək.

     Film bir neçə beynəlxalq festivalda mükafat və priz almışdır.

     Rejissor və ssenari müəllifi Y. Rzayev, operator R. Quliyev, rəssam R. Nəsirov,              bəstəkar S. Kərimi.

   Rollarda: H.İsmayılov. C.Novruzov, R.Novruzov, F.Abdullayev, L.Əliyeva və b.

 

                                                                            


 

 “ Yuxu “ (2001)

         Lirik komediya iki sevən gəncin ülvi məhəbbətindən bəhs edir. Filmdəki hadisələr bizim günlərdə səfalı Abşeron qəsəbələrindən birində, baş qəhrəmanın yuxusu ətrafında cərəyan edir. Qəhrəman öz xoşbəxtliyi uğrunda mübarizə aparır və istədiyinə nail olur.

      Rejissor F. Əliyev, ssenari müəllifi Q. Səfəroğlu, operator V. Kərimov, rəssamlar: A. Azay, Ə. Məmmədov, bəstəkar A. Dadaşov.

      Rollarda: İ.Qasımov, N.Zeynalova, S.Aslan, A.Mir-Qasım, Y.Nuri,Z.Ağakişiyeva, N.Əhmədova, G.Abbasov, B.Bağırov, Q.Əlili və b.

 

                                                                            


 

“ Güllələnmə təxirə salınır” (2002)

           1941-1945-ci illər müharibəsindən sonra bir qrup gənc “varlıların” artıq mal-dövlətlərini əllərindən alıb kasıblara paylayır. Eyni zamanda onlar qadınların, xüsusilə ərləri cəbhəyə getmiş ana və bacıların namusunu qoruyurlar.

          Bu psixoloji dramda həmin gənclərin cinayət tərkibli xeyirxah əməllərindən söhbət açılır. Filmdəki hadisələr real faktlara əsaslanır.

         Rejissor Ə.Muradov, ssenari müəllifləri: İ.Məlikzadə, Ə.Muradov, operator     R.Əliyev, rəssam F.Bağırov, bəstəkar X.Mirzəzadə.

    Rollarda: F.Poladov, M.Dadaşov, N.Zeynalova, M.Novruzova, A.Məmmədov,     T.Rəhmanov, L.Mustafayeva, S. Bağırzadə, C.Novruzov və b.                                

 

                                                                            


 

“ Ovsunçu “ (2002)

         Psixoloji film XX əsrin əvvəllərində, konkret olaraq 20-ci illərdə Azərbaycanda sovet hakimiyyəti qurulması zamanı baş verən hadisələrdən, bu hadisələrin xalqımızın mənəviyyatına göstərdiyi təsirdən, totalitarizm təfəkkürünün yerli camaatın beyninə zorakılıqla yeridilməsindən danışır.

        Film və O. Mir-Qasım Kazanda Beynəlxalq kinofestivalda mükafatlara layiq görülüblər.

     Rejissor O. Mir-Qasım, ssenari müəllifləri: N. Rəsulzadə, O. Mir-Qasım, operator K. Məmmədov, rəssamlar: R. İsmayılov, R. Nəsirov, bəstəkar E. Fel.

     Rollarda: B.Xanızadə, F.Poladov, A.Mir-Qasım, Y.Baliyev, M.Səfa,E.Rəsulov və b.

 

                                                                            


 

“Milli bomba“ (2004)

 

          Film yazıçı E. Əfəndiyevin  “Arvadımın əri dəlidir” pyesinin motivləri əsasında çəkilmişdir.

 

        1991-ci ildə SSRİ mövcudluğunu başa vurdu. Bu nağılvari dövlətin dağılması sovet vətəndaşlarının şüurunda və qəlbində sağalmaz iz qoydu. Film bu barədə söhbət açır.

 

       Rejissor V. Mustafayev, ssenari müəllifləri: E. Əfəndiyev, V. Mustafayev, operatorlar: C. Kristesaşvili, L. Axvlediani, rəssam A. Əliyev, bəstəkar G. Kançeli.

          Rollarda: A.Maxaradze, Y.Nuri, N.Əhmədova, A.Hüseynov, M.Məmmədov, Ə. Həmidov, S.Quliyeva.

                                                                           


“ Məhkumlar ” (2006)

        Sərt dram janrında çəkilmiş bu film cüzam xəstəliyinə tutulanlar üçün xəstəxanada baş vermiş bədbin məhəbbət hekayətidir.

       Təcrid olunanların damğası - cüzam xəstəliyi insanda sağalmaq üçün ümid yeri qoymur. Filmin əsasını real hadisələr təşkil edir. Kinolent Umbakı xəstəxanasının daimi sakinlərinə, onların həyat eşqinə ithaf olunmuşdur.

        Rejissor M.Ələkbərzadə, ssenari müəllifi Ç.Abdullayev, operator K.Məmmədov, rəssamlar: R. İsmayılov, R. Nəsirov, bəstəkar A. Əlizadə, bədii rəhbər R.Ocaqov.

        Rollarda: S.Əliyeva, R.Zeynalov, N.Mehdixanlı, R. Əliyev, K.Hüseynova,         M.Xanlarova, R.Novruzov, T.Qasımov, R.Məlikov və b.

 

                                                                           


 

“ Niyyət “ (2009)

       Film təbiətcə bir-birindən tamamilə fərqlənən iki nəfərin taleyindən bəhs edir. Onlardan biri hiyləgər, digəri isə saf qəlbli, kasıb və Allah adamıdır.

       Kinolent tamaşaçını tərk etməyən dərin dramatik məqamlarla zəngindir. Taleyin hökmü ilə müqəddəs məqsədə çatmaq üçün bir-birinə bağlı iki insanın münasibətləri, ruhlarının dəyişməsi filmdə öz əksini tapmışdır.

       Film müxtəlif beynəlxalq kinofestivallarda mükafat və diplomlar almışdır.

       Rejissor S. Kərimoğlu, ssenari müəllifi Y. Rzayev, operator N. Mehdiyev, rəssam: F. Ələkbərov, bəstəkar E. Əmrahlı.

       Rollarda: R. Məmmədli, F. Axundov, N. Əliyeva, M. Əliyeva, T. İsmayılov,     R. Rzayev, İ. Rüstəmov, Ə. Səmədov və b.

 

                                                                           


 

“ Buta “ (2011)

        “Buta”- böyük sevgi haqqında pritçadır. Filmin baş qəhrəmanları həyat yolunun lap başlanğıcında olan uşaqlardır.

        Film bir neçə beynəlxalq kinofestivalda mükafatlara layiq görülmüşdür.

        Rejissor İ. Nəcəf, ssenari müəllifi İ. Nəcəf (R.Fətəliyevin iştiraki ilə),      operator  G. Beridze, rəssam Ə. Məmmədov, bəstəkar C. Quliyev.

        Rollarda: R. Əzimov, T. Əliyev, E. Kərimov, L. Nəbiyeva, A. İsayeva, M. Mirzəyev, K. Daşdıyeva, S. Nəcəfov və b.